Politoloq: "Laçın dəhlizi nəzarətə götürülməsə, başımızı hələ çox ağrıdacaq"


“Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizəd Valeri Pekresi “arzuolunmaz şəxs” elan edə bilər. Ancaq bu, çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürməsək, bu, başımızı hələ çox ağrıdacaq”.


Bunu “Report”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq. Həmçinin Azərbaycan sərhəd, gömrük xidmətinin sərhədin Laçın istiqamətində yerləşəcəyini bildirilmişdi. Ötən gün də xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil. Bu, ilk belə hal deyil. Əvvəllər də bir neçə dəfə oxşar addımlar atılıb. Görünür, sülhməramlılar mandatlarına uyğun fəaliyyət göstərmirlər. Bu isə gələcək münasibətlərə təsir göstərə bilər. Ona görə də Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçıları ilə görüşə bilməsinlər”, - ekspert vurğulayıb.

E.Şahinoğlunun fikrincə, oxşar addımlar çirkin avantüranın tərkib hissəsidir: “Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar. Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda olan isimlərin sayı artsın və bununla müxtəlif dövlətlər münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu