Yaxşı olar ki, bütün valideynlər bu cür aktivlik göstərsinlər, pul yığımına etiraz etsinlər - Elçin Əfəndi


"Mən də məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarının (VMA), Valideyn-nəzarət Komitələrinin (VNK) fəaliyyətinin qəti əleyhinəyəm. Bu fəaliyyət bərbad vəziyyətdə qurulub. Adıçəkilən qurumların məktəblərdə hər hansı yığım etməsi yolverilməzdir".


Bunu AFN-ə açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bakı şəhəri, Sabunçu rayonu, 67 saylı orta məktəblə jurnalist valideynlər arasında yaranmış mübahisəni şərh edərkən deyib. Onun sözlərinə görə, VMA-ların və VNK-ların gəlib hər hansı bir məktəbdə fəaliyyət göstərməsi, ödəniş yığması qanunsuzdur: "Bu, o halda mümkün ola bilər ki, məktəblər publik hüquqi şəxs olar, valideynlə müvafiq əməkdaşlıq edə bilərlər. Qanunvericilik onlara icazə verir. Amma dövlət təhsil müəssisələrində bu fəaliyyət və ödəniş yığmaq yolverilməzdir. Təbii ki, 1 manat özlüyündə korrupsiya faktı deyil, amma bu, minlərlə şagirdi olan məktəblərdə böyük vəsaitlər deməkdir. Əgər məktəbdə 3-4 min nəfər təhsil alırsa, bu artıq külli miqdarda vəsait deməkdir. Bu pulun yığılması yolverilməzdir".
Ekspertin sözlərinə görə, orta məktəblərdə dövlət tərəfindən bütün xərclər qarşılanır: "Maddi-texniki təminat həyata keçirilir. Bir sıra hallarda bəli, şahidi oluruq ki, fond pulu, süpürgə pulu, müxtəlif abunəlik adıyla şagirdlərdən və müəllimlərdən pullar yığılır. Əlbəttə, bunlar hamısı yolverilməz hallardır. Əgər məktəbin hər hansı sıxıntısı varsa, nəyəsə ehtiyacı varsa, bunun üçün müvafiq olaraq yerli təhsil şöbəsinə, məktəb Bakıdadırsa Bakı Şəhər Təhsil İdarəsinə, o da öz növbəsində Təhsil Nazirliyinə müraciət edir, problem həll edilir. Dövlət büdcəsindən də hər il dediyim kimi, təhsilə xeyli vəsaitlər ayrılır. Bundan əlavə, VMA-lar, VNK-lar da əlavə olaraq pul yığır, bu doğru deyil. Eyni zamanda VMA-ya üzvlük haqqı da yığıla bilməz. Siz tamamilə haqlısınız etiraz bildirməkdə. Çox yaxşı olar ki, bütün valideynlər bu cür aktivlik göstərsinlər, etiraz etsinlər. 1 manat bir daha deyirəm, tək valideyn prizmasından baxanda çox kiçik rəqəmdir, amma on, yüz minlərlə valideyndən yığıldığını düşünsək, ortada ciddi korrupsiya faktlarının olduğunu görəcəyik. Pul necə yığılır, hara xərclənir, hesabatlılıq, şəffaflıq yoxdur. Üstəlik, VMA-nın birbaşa məktəbə daxil olmaq, valideynlərdən hansısa haqq yığmaq səlahiyyəti yoxdur, belə bir səlahiyyət verilməyib onlara. Məktəblərlə hansısa layihələrdə birgə əməkdaşlıq edə bilərlər, amma bu da onların könüllü formada üzvlüyünə qəbul olan şəxslərin müvafiq ödənişləri ilə reallaşa bilər. Tələb şəklində, sırf pul yığmaq məqsədli tədbirlər xarakteri almamalıdır".

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu