XİN başçısı: “Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ilk ölkə olub”
“Hesab edirəm ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün vasitəçi kimi çıxış edən ilk ölkə olub”.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə “nazir saatı” formatında çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü və ABŞ-la effektiv əməkdaşlıq sayəsində Azərbaycan və Ermənistan arasında humanitar razılaşma əldə edilib.
Xatırladaq ki, bu ilin iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.(Report)