Komissiya sədri: “Ermənistan sərhəd probleminin sıfır nöqtəsindən çıxmasına razılıq verib”
“Ermənistan tərəfi prosesin sıfır nöqtəsindən çıxmasına razılıq verib”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının üzvü, qanunverici orqanın təhlükəsizlik və müdafiə məsələləri üzrə komissiyanın sədri Andranik Koçaryan noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələdə konfindensiallığı qorumaq vacibdir: "Sərhədə hərbçilərin yerləşdirilməsi müzakirə olunduğundan yeni gərginlik yaratmamaq üçün son dərəcə ehtiyatlı olmaq lazımdır".
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan brfinqdə bildirib ki, rəsmi İrəvan Rusiyaya demarkasiya mərhələsinə hazırlığa başlamaqla bağlı vaxtında məlumat verib: "Bir sıra texniki məsələlər üzrə razılıq əldə edildikdən sonra Ermənistan tərəfi uyğun komissiyanın formalaşmasına və əsas işə başlamağa hazırdır".
Qeyd edək ki, noyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin irəli sürdüyü təklifin İrəvan üçün qəbuledilən olduğunu bildirmişdi. O, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: “Bunların üçü də bizim üçün qəbilediləndir. Noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.