Məhərrəmlə Siracın adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib
“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını yayıb.
“Report” xəbər verir ki, təşkilat bu il dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabat hazırlayıb.
Siyahıda 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun da adı var.
Hesabata görə, bu il dünyanın 20 ölkəsində 38 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb.
Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.
2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.
2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb.
Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.
Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.