Milli Qəhrəman Şükür Həmidovun anım günüdür


Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun anım günüdür.


“Report”un xəbərinə görə, İkinci Şəhidlər xiyabanında şəhidin anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyi və Qubadlı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ş.Həmidovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Mərasimdə Ş.Həmidovun şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, 2 övladı yadigar qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu