Saakaşvilinin keçmiş həyat yoldaşı: “O, siyasi məhbusdur”
“Mixeil Saakaşvili siyasi məhbusdur və Gürcüstan vətəndaşı kimi onun azad edilməsi ilə bağlı tələbi tam dəstəkləyirəm”.
Bunu M.Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs feysbuk hesabında yazıb.
Keçmiş birinci xanım bildirib ki, dostları və tərəfdarları ondan şəxsi həyatı barədə maraqlanırlar: “Gizlətməyəcəyəm ki, cümə günü (oktyabrın 1-də-red.) yayılan videonun məzmunu mənim üçün gözlənilməz, forması isə qətiyyən yolverilməz oldu”.
S.Rulofs qeyd edib ki, şəxsi emosiyalarına baxmayaraq, sakitliyini qoruyub saxlayır: “İnanıram ki, biz bu mübarizədən qalib kimi çıxacağıq”.
Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanın keçmiş prezidenti Tbilisidə saxlanılandan sonra onun feysbuk səhifəsində ukraynalı deputat Yelizaveta Yasko ilə videosu paylaşılıb. Videoda onların ailə qurduğu bildirilib.
M.Saakaşvili 1990-cı illərin ortalarından S.Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.(Report)