Vilayət Eyvazov DİN-in şöbə rəisini təqaüdə göndərdi
Daxili işlər orqanlarında kadr islahatı olub.
Bununla bağlı nazir, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, polkovnik A.Adıgözəlov ölkədə uşaqların sosial və hüquqi müdafiəsinin təşkili, bəzi qanunvericilik aktlarının yenilənməsinin, eləcə də yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili ilə bağlı bir sıra layihələrin ideya müəllifi və təşkilatçısı olub.
O, xidməti illərində dünya ölkələrinin uşaq müdafiəsi sahəsində tətbiq etdiyi beynəlxalq normaların və praktikanın Azərbaycana gətirilməsində, ölkədə uşaqların təhlükəsizliyini və müdafiəsini təşkil edən ən önəmli sistemlərin tətbiqində mühüm rol oynayıb.