Şirkət rəhbərləri dizelin bahalaşmasına görə Mikayıl Cabbarova müraciət etdi
Bir qrup sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şirkət rəhbərləri iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
Müraciətə səbəb dizel yanacağının qiymətinin artması göstərilib.
Məlum olduğu kimi, Tarif Şurasının 04.01.2021-ci il tarixli qərarına əsasən “ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə dəyişiklik edilib. Beləliklə həmin tarixdən Azərbaycanda dizel yanacağının pərakəndə satış qiyməti 33 faiz bahalaşaraq 1 litr üçün 60 qəpikdən 80 qəpiyə yüksəlib.
Qeyd olunub ki, qiymət artımı xüsusilə ictimai nəqliyyat üzrə daşıyıcı şirkətləri ağır yük altında qoyub. Bildirilib ki, qiymət artımı ilə bağlı qərar elan edilərkən ictimai nəqliyyatın vəziyyətinin ağırlaşmaması üçün dövlət tərəfindən kompensasiya mexanizminin hazırlanaraq tətbiq ediləcəyi bildirilsə də, geridə qalan 9 ay müddətində heç bir addım atılmayıb və daşıyıcı şirkətlərə dəstək verilməyib.
Bundan başqa, pandemiya şəraitində şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi, həmçinin Bakı şəhərində ictimai nəqliyyatın 70 faizə qədərini təşkil edən bu şirkətlər yanacağın bahalaşması səbəbindən daha da çətin vəziyyətlə üzləşdiyi bildirilib.
Məlumata görə, hətta bəzi şirkətlər qarşıdan yeni tədris ilinin başlaması ilə əlaqədar xəttə əlavə nəqliyyat vasitəsi buraxmaq, işini normal təşkil etmək iqtidarında deyil.
Bununla bağlı olaraq 30-a yaxın daşıyıcı şirkət növbəti dəfə Tarif Şurasına və İqtisadiyyat Nazirliyinə müraciət edib.
Müraciətdə deyilir:
“Koronavirus (COVİD-19) pandemiyası Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə ciddi mənfi təsirlər göstərmişdir, pandemiya şəraitində karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli azalmalara səbəb olmuşdur. Nəticə olaraq, pandemiya nəticəsində həyati vacib sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün şirkətlərin iqtisadi fəaliyyəti ciddi mənfi təsirlərə məruz qalmışdır.
Tarif (Qiymət) Şurasınında məlum qərarı əsasında dizel yanacağının qiymətinin 33% artımı isə sərnişindaşıma ilə məşğul olan şirkətlərin iqtisadi vəziyyətinin dahada pisləşməsinə səbəb olmuşdur.
Tarif (Qiymət) Şurasının qiymət artımı ilə bağlı açıqlamasında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün kompensasiyanın (subsidiyanın) ödənilməsi və verilməsi mexanizminin cari ilin yanvar ayının sonunadək açıqlanacağı bildirilmişdir. Buna müvafiq olaraq, dizel yanacağına görə subsidiyanın verilməsi üçün tələb olunan müvafiq hesabtlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur.
Lakin müvafiq hesabatların təqdim edilməsinə baxmayaraq, bu günədək hər hansı bir daşıyıcıya subsidiya ödənişi həyata keçirilməmişdir.
Sizə müraciət edərək bildiririk ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 2200-dən artıq avtobusun 70%-ə qədəri dizel yanacağı ilə çalışır. Göstərilənləri və dizel yanacağının qiymətinin artımının minlərlə işçi qüvvəsini özündə birləşdirən, müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərin vəziyyətinin ağırlaşmasına səbəb olduğunu nəzərə almaqla, qiymət artımının mənfi təsirlərinin neytrallaşdırılması üçün müvafiq qaydada subsidiyanın ödənilməsinin təmin etməyinizi Sizdən xahiş edirik”.