Mədəniyyət Nazirliyində pullar necə kağıza çevrilir?
Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsi dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Modul Xidmət” MMC-dir. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 98 656.32 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Modul Xidmət” MMC 23 dekabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 3, mənzil 51-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağamirzəli Şövqü Dövlət oğludur.
Açıq mənbələrdə "Modul Xidmət” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Bir ilə yaxındır fəaliyyət göstərən şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var.
Buna baxmayaraq, Mədəniyyət Nazirliyini yerli idarələri "Modul Xidmət”lə sıx əməkdaşlıq edir.
Araşdırmalarımız zamanı məlum olub ki, avqustun 18-də Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı "Modul Xidmət” MMC ilə maliyyə dəyəri 106 054.86 AZN təşkil edən müqavilə imzalayıb.
İyulun 28-də isə "Modul Xidmət” MMC Mədəniyyət Nazirliyinin Sabirabad Regional Mədəniyyət İdarəsinin elan etdiyi satınalma müsabiqəsinin qalibi elan edilib. Qurumla şirkət arasında maliyyə dəyəri 50629.79 AZN olan müqavilə imzalanıb. Müqavilədə istehlak yönlü müxtəlif malların satın alınması nəzərdə tutulub.
"Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması tələb edilir. Bir ildir fəaliyyət göstrən şirkətin bu tələblərə cavab verməsi inandırıcı görünmür.