Sabiq icra başçısının məhkəməsində 18 nəfər ifadə verib
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin növbəti məhkəmə prosesi başlayıb.
Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun işi üzrə keçirilən məhkəmə prosesində 18 nəfər şahidin ifadələri dinlənilib.
Növbəti proses sentyabrın 9-na təyin olunub.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verməkdə ittiham olunur.