Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
“İri ticarət obyektlərində, təhsil müəssisələrində qəfləti, birbaşa və müxtəlif formalarda monitorinqlər həyata keçiriləcək. Monitorinqlərdə iştirak edən polis əməkdaşları həm xidməti geyimdə, həm də günün ayrı-ayrı saatlarında mülki geyimdə obyektlərə daxil olacaqlar. Obyekt rəhbərləri (eləcə də, bu təhsil müəssisələrinə aiddir) bilməyəcəklər ki, daxil olan şəxs polisdir, yoxsa mülki şəxs. Onlar müvafiq yoxlamadan keçib obyektə daxil olub, orada normanın necə aparılacağına nəzarət edəcəklər”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, əgər vətəndaşlar yoxlayıcını yayındırıb obyektə və ya təhsil müəssisəsinə daxil olubsa, məsuliyyət həmin şəxsin deyil, obyekt sahibinin üzərinə düşür: “Bu halda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin şəxs barəsində inzibati tənbeh tədbirləri görüləcək. Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena-karantin rejimlərini pozmasına görə fiziki şəxslər barəsində 200 manatdan 400 manatadək, vəzifəli şəxslər barəsində 4000 manatdan 5000 manatadək, yaxud 1 aylıq həbs, hüquqi şəxslər barəsində isə 5000 manatdan 11 000 manatadək pul cəriməsi nəzərdə tutulub”.