Bir ananın ikinci şəhid övladı: Vətən müharibəsi qəhrəmanının doğum günüdür - FOTO
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi İntiqam Bayram oğlu Əsgərlinin doğum günüdür.
AFN “oxu.az”a istinadən xəbər verir ki, o, 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub.
1997-2008-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.
2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi fəaliyyətə başlayıb. 2015-ci il isə Türkiyədə kəşfiyyat kursunu bitirib.
İntiqam həmçinin qardaşı Nurlan Əsgərli ilə birlikdə Aprel döyüşlərində də iştirak edib. Nurlan döyüş meydanında şəhid olub və İntiqam qardaşının nəşini döyüş meydanından özü çıxarıb.
Azərbaycan ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Aprel şəhidi olan qardaşı Əsgərov Nurlan Bayram oğlu isə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.