“Azərbaycan tərəfindən KTMT-yə müşahidəçi statusu ilə bağlı müraciət daxil olmayıb”


"Azərbaycan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusu ilə bağlı müraciət daxil olmayıb". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi mətbuat konfransında bildirib.


Rusiya XİN rəsmisi KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığın, eləcə də xarici əlaqələrinin genişlənməsi istiqaməti götürdüyünü söyləyib: “Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib. Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“.

Rusiya XİN rəsmisi həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyu Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiya olunmasının və tez bir zamanda bu işə başlanmasının tərəfdarıdır. Ümumilikdə, sərhəd postlarının qurulması Rusiya Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələdir. Amma biz də öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu mövzuya böyük diqqət yetirir, sərhədyanı mübahisənin nizamlanmasına istiqamətlənən aktiv vasitəçilik səyləri göstərir. Sərhədçilərin sərhəd boyu yerləşdirilməsinin həyata keçirilməsinin problemlərindən biri sərhədlərin beynəlxalq-hüquqi formalaşmasının olmamasıdır. Hesab edirik ki, sərhəddə dayanıqlı deeskalasiyanı yalnız Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiya işinə təxirə salınmadan başlanılması prosesi təmin edə bilər. Rusiya bu prosesə tezliklə başlanmasının tərəfdarıdır”, - deyə rusiyalı diplomat qeyd edib.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu