Ukrayna təmənnasız 2,7 milyard dollar alacaq


Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya təmənnasız və əlavə şərtlər olmadan 2,7 milyard dollardan çox vəsait ayıracaq.


Bu barədə Ukrayna Prezidentinin saytı məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar BVF İdarəçilər Şurası tərəfindən koronavirus pandemiyasından təsirlənən dünya iqtisadiyyatının bərpasına kömək etmək üçün Fondun icraedici direktoru Kristalina Georgiyevanın təklifi ilə qəbul edilib.

Ümumilikdə 650 milyard dollar SDR (SDR – BVF-nin hesab vahidi, xüsusi borcalma hüquqları) ölkələr arasında bölüşdürüləcək.

"Bu vəsaitlər koronavirus böhranının nəticələrini aradan qaldırmağa və iqtisadiyyatımızı stimullaşdırmağa kömək edəcək. Qərara görə BVF -yə və şəxsən fondun icraedici direktoru Kristalina Georgiyevaya minnətdaram", - Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Zelenski, həmçinin BVF ilə əməkdaşlığın Ukrayna üçün çox vacib olduğunu, buna görə də ölkənin mövcud “stand by” proqramı çərçivəsində yeni tranş almaq üçün islahatları həyata keçirməyə davam etdiyini söyləyib.

"Biz Beynəlxalq Valyuta Fondunun hazırkı proqramının ilk icmalını başa çatdırmaq üzərində işləyirik və qurumun missiyasını sentyabr ayında gözləyirik", - Ukrayna lideri söyləyib.

"Bu tarixi qərar, BVF-nin tarixində ən böyük SDR ayırmasıdır və görünməmiş bir böhran zamanı qlobal iqtisadiyyata təkan verir. SDR ayırması bütün üzv-dövlətlərə fayda verəcək, dayanıqlılığı artırmağa kömək edəcək", - Georgiyeva deyib.

Ümumi SDR ayırması 23 avqustda qüvvəyə minəcək. Yeni SDR -lər mövcud kvotalara mütənasib olaraq BVF -yə üzv ölkələrə köçürüləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu