General-leytenant Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi - SƏRƏNCAM/YENİLƏNİB


General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.


AFN xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

20.02.2019-cu il tarixdən 23.07.2021-ci il tarixədək müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

***

Azərbaycan ordusunda boş qalmış vəzifələrə və yaradılacaq Quru Qoşunlarına komanda vəzifəsinə təqdimatların getdiyi iddia olunur.


Yenicag.az-ın əldə etdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə hazırda müdafiə nazirinin müavini, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyevin təqdimatı göndərildiyi deyilir.
Müharibə dövründə Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırılmasından sonra, BQR vəzifəsini məhz Kərim Vəliyev icra edirdi. Kərim Vəliyevin BQR vəzifəsinə gətiriləcəyi uzun zaman idi ki, iddia olunurdu. Əldə etdiyimiz məlumata görə, buna qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Baş İdarə rəisi, general-leytenant Nizam Osmanovun adı iki dəfə BQR postu üçün təqdim edilib, ancaq müsbət cavab alınmayıb.

Təqdimatı göndərilənlər arasında ən diqqət çəkən ad Ənvər Əfəndiyevdir. General-mayor Ənvər Əfəndiyevin adı Quru Qoşunları komandanlığına göndərilib. Ənvər Əfəndiyev 44 günlük Vətən müharibəsində 6-cı ordu korpusunun komandiri kimi xidmət edib. Daha sonra 3-cü ordu korpusunun komandiri vəzifəsini icra edib. O, 1-ci ordu korpusunda Qərargah rəisi vəzifəsində olarkən xidmətdəki nöqsanlarına görə vəzifəsindən azad edilib. 3-cü ordu korpusunu idarə edə bilmədiyi üçün isə vəzifədə saxlanılmayıb. Müharibə vaxtı tabeçiliyində olan hərbçilərlər arasında davaların olması xəbəri də yayılmışdı. Bundan əlavə Kəlbəcərdə qış aylarında hərbçilərin “çeçenka” papaq taxmasını qadağan etdiyi üçün də ciddi insidentin yaşandığı barədə məlumatlar var.
Bundan əlavə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənovun Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə göndəriləcəyi barədə təqdimatın verildiyi bildirilir. Onun tutduğu posta isə 3-cü ordu korpusunda xidmət etmiş, korpus komandiri Xəqani Cəbrayılovun vəzəfədən uzaqlaşdırılmasından sonra onun vəzifəsini qısa müddət icra edən general-mayor Azər Quliyevin təqdimatının göndərildiyi iddia olunur. Müharibə vaxtı Murov istiqamətində ən çox itki məhz Azər Quliyevin zamanında verilib.

Yaxın günlərdə Müdafiə Nazirliyində boş qalan vəzifələrə təyinatlar olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu