SOCAR: Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib
Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. O bildirib ki, ictimaiyyətin sorğularına əsasən aparılan araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə edilib. İ.Əhmədovun sözlərinə görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib.