ETSN Qalacıqda meşəlik ərazidə meyvə bağı salınması xəbərinə aydınlıq gətirdi - 102 və 165 hektar olmaqla...


Qusarın Qalacıq kəndində meşənin aqibəti bir neçə gündür müzakirə edilir. AFN xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda meşələrin məhv edilərək yerində meyvə bağı salındığı göstərilir. Şəbəkə istifadəçiləri qeyd edirlər ki, ümumilikdə 130 hektara yaxın sıx meşə, 170 hektara yaxın kolluq toplam 300 hektar təbiət ərazisi qoz bağı salmaq üçün məhv edilib.


Məsələ ilə bağlı AFN-in sorğusuna cavab verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, bu məlumatı yayanları Nazirliyin mütəxəssisləri ilə birgə araşdırmada iştiraka dəvət edir: "Qusarın Qalacıq kəndindəki yaşıllıqların məhv edilməsi ilə bağlı məlumatlar mütəxəssislər tərəfindən "Google Eart" proqramı üzrə araşdırılıb və məlum olub ki, orada 2019-2021-ci illər üzrə yaşıllığın qismən azalması qeydə alınıb, tamamilə məhv edilməsi halı ilə bağlı fikirlər həqiqəti əks etdirmir, həqiqətə uyğun deyil. Peyk görüntülərinə əsasən deyə bilərəm ki, 2018-2019-cu illərdə də bu ərazilərdə sıx meşəlik olmayıb. Bu qərəzli məlumatı yayanları birgə araşdırmada iştiraka dəvət edirik.
Həmin ərazi 102 və 165 hektar olmaqla 2019-2020-ci illərdə müqavilə əsasında uzunmüddətli icarəyə verilib. Məqsəd ərazidə qoz bağının salınması olub. Qeyd edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı ilə birgə proqramı da mövcuddur. Proqram məhsul bolluğunun yaranması, həmçinin yaşıllığın daha da çoxaldılmasına hesablanıb. İlkin olaraq şirkət tərəfindən biznes plan təqdim olunub, nazirliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilib və təbii ki, ərazidə olan az sayda ağaclara toxunulmaması şərti qoyulub".



Xidmət rəisi bildirib ki, bu gün seyrək kolluqlardan ibarət meşələrin nə yaşıllıq, nə də karbon emissiyası cəhətdən böyük bir əhəmiyyəti yoxdur, əksinə onlar müəyyən mənada yanğın mənbəyidir. Böyük meşə sahələrində meydana gələn yanğınlar əsasən belə seyrək və yaşı ötmüş kolluqlardan qaynaqlanır: "Təbii ki, bir neçə yüz hektarlıq ərazidə qoz bağı salınırsa, yaşı ötmüş, qurumuş kolluqların götürülməsi labüddür. Yayılan xəritələrlə bağlı "Google Eart" proqramına daxil olaraq əraziyə baxdıq. 2018-2020-ci illərdə tam başqa mənzərənin şahidi olduq. Belə olduğu halda sosial şəbəkələrə təhrif olunmuş məlumatların verilməsi anlaşılan deyil!"

H.Əlizadə onu da qeyd edib ki, bütün görülən işlərdə ekoloji aspektlər nəzərə alınır, pozuntular baş verirsə tərəfimizdən cəza tədbirləri görülür. "Əgər nöqsanlara yol verilibsə, onların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq" - deyə nazirlik rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu