Azərbaycan XİN: İran səfirinin iddiaları açıq təxribatdır

“İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik”.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin iddialarına dair verdiyi şərhdə bildirib.
Qeyd olunur ki, bu cür əsassız fikirlər Azərbaycan ilə İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərə xələl gətirir:
“Azərbaycan Prezidentinin İran Prezidenti ilə bu yaxınlarda keçirdiyi telefon danışığı zamanı, eləcə də Xarici İşlər nazirinin həmkarı ilə telefon söhbəti zamanı müvafiq mövqe izah edilib. Bu baxımdan İran səfirinin səsləndirdiyi iddiaları açıq təxribat kimi qiymətləndiririk”.
XİN rəsmisi bildirib ki, Azərbaycan öz hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə dair bütün iddiaları qəti şəkildə təkzib edir:
“Bu cür iddialar əsassızdır və onların heç bir mötəbər sübutu yoxdur. İran tərəfinin münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, habelə ölkəsini təmsil etmək əvəzinə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin açıqlamalarına qarşı lazımi tədbirlər görməsini gözləyirik”.