Gədəbəydə “Qaladan Qala” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR

“Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filminin təqdimatı keçirilib.
AFN.az xəbər verir ki, təqdimat Gədəbəy rayonunda Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış nitqini Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov edib. O, mədəni irsin təbliği baxımından layihənin əhəmiyyətini vurğulayıb və “Sağlamlığın Qorunması” İctimai Birliyinə təşəkkürünü bildirib.
Birliyin sədri, t.e.d. Yazgül Abdıyeva çıxışında təşkilatın fəaliyyətindən və filmin məqsədindən danışıb. Bildirib ki, film Gədəbəyin tarixi və mədəni irsinin geniş ictimaiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin əsas hissəsində nümayiş olunan sənədli film Gədəbəyin qala qalıqları, qədim körpüləri, yaşayış məskənləri, türbələri və daş abidələri ilə yanaşı, aşıq sənəti, folklor və Malakan icmasının həyat tərzini də əhatə edir. Film mədəni irsin qorunması və təbliği məqsədi daşıyır.
Daha sonra Media Təhlil Mərkəzinin eksperti Səidə İbrahimli, N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli, şair Etibar Nadiroğlu, tarixçi İlham Həsənov, hüquqşünas İlqar Türkoğlu, folklorşünas Aynur İbrahimova, şairlər Aybəniz Qafarlı və İntiqam Yaşar çıxış edərək filmin əhəmiyyəti, Gədəbəyin tarixi və mədəni irsi, regionun ədəbi mühiti haqqında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin işləri nümayiş olunub. Emin Saqi “Gədəbəy Tarixi” mahnısını ifa edib.
Yazgül Abdıyeva Gədəbəy RİH-nə göstərilən dəstəyə görə təşəkkür edib və Orxan Mürsəlova təşəkkürnamə təqdim olunub. Tədbirdə Gədəbəydən və digər bölgələrdən, o cümlədən Rusiyadan qonaqlar iştirak ediblər. Film “AS Production” tərəfindən hazırlanıb.