Qazi Universitetinin nümayəndə heyəti Bakıda görüşlər keçirib
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Teymur Musayev nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də görüşdə iştirak edib.
Tədbirdə çıxış edən Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirərək, bu qardaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir. Bu mənada, ATU və Qazi Universitetinin əməkdaşlığı, o cümlədən elmi və təcrübi biliklər mübadiləsi aparması tibb işçilərimizin vətəndaşlarımızın sağlamlığının keşiyində daha peşəkarlıqla dayana bilməsi baxımından çox önəmlidir. Mən Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda bu gün bütün dünyanı ağuşuna almış COVID-19 pandemiyası ilə mübarizə sahəsində də yaxından əməkdaşlıq edirik. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu qlobal təhlükədən daha az itkilərlə çıxmağı bacarıb”.
Professor Gəray Gəraybəyli rəhbəri olduğu ATU ilə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb: “Bizim bir çox universitetlərlə işlək əməkdaşlıq müqavilələrimiz var. Bunlardan biri də Qazi Universiteti ilədir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, biz bu gün iki universitet arasındakı memorandumu yenilədik. Pandemiya dönəmində ATU ilə Qazi Universiteti arasında qarşılıqlı fəaliyyət davam etdirilib, tələbələrimiz Qazi Universitetində keçirilən tibb bacısı, stomatologiya və tibb ixtisasları üzrə dərslərə onlayn olaraq qatılıblar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”.
Qardaş ölkə tibb işçilərinin Vətən müharibəsi zamanı Azərbaycanın yanında olmasından danışan rektor, bu yardımın ölkəmiz üçün böyük mənəvi və praktiki əhəmiyyət daşıdığını vurğulayıb.
Qazi Universitetinin 95 yaşı olduğunu bildirən rektor, professor Musa Yıldız isə, 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduqlarını nəzərə çatdırıb: “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”.
Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji Klinikasında tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Tədris Cərrahiyyə Klinikasına baş çəkiblər. Klinikanın direktoru, professor Surxay Hadıyev klinika haqqında geniş məlumat verib. Tədris Treninq Mərkəzində yeni nəsil robotlar qonaqlara təqdim edilib.
Nümayəndə heyəti ATU-nun Anatomiya Muzeyində də olub. Muzeydəki unikal eksponatlarla bağlı heyranlıqlarını gizlətməyən qonaqlar, sintetik meyitə xüsusi maraq nümayiş etdiriblər.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Qazi Universitetinin Sağlamlıq bilikləri fakültəsinin dekanı, professor Bülent Elbasan, Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Təhsil, təlim və xarici əlaqələr koordinatoru professor İhsan Kalenderoğlu iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan qonaqlar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən qəbul olunublar. Görüşdə ATU-nun rektoru Gəray Gəraybəyli də iştirak edib.