Ərini qətlə yetirən şəxs həbs edilib - RƏSMİ
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Neftçala rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.
AFN xəbər verir ki, birgə yayılan məlumatda deyilir:
"6 may 2021-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kənd sakini 1956-cı il təvəllüdlü Qalib Əsgərovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı arvadı Şahzadə Məhərrəmovanın Neftçala rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla müəyyən edilib ki, mayın 6-sı saat 01 radələrində zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə əynindəki paltarları çıxararaq yandırıb, meyitini isə evin həyətində basdırıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şahzadə Məhərrəmova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".