İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərmanda əksini tapıb.
Fərmana əsasən, fondun nizamnamə kapitalı 798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdır.
Bundan əvvəl fondun nizamnamə kapitalı 637 000 000 (altı yüz otuz yeddi milyon) manat idi.
Bu Fərmanın 1-ci hissəsinin icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin ediləcək:
2.1. "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90,0 (doxsan) milyon manat hesabına;
2.2. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71,0 (yetmiş bir) milyon manatı hesabına.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.