Zəngəzur dəhlizi dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq


Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.



Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən paylaşılan görüntülərə əsasən, dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib: "Zəngilan rayonu coğrafi baxımdan şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacağıq".

Göründüyü kimi, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir.

İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişənin başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda icra olunması nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir.

"Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz”

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Gökselin sualını cavablandırarkən dedi. Dövlət başçısı bildirdi ki, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz: "Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər...”.

Zəngəzur dəhlizi dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq


Buradan da aydın olur ki, dövlət başçısının uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verir. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi də beynəlxalq statusu qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Yenə də dövlət başçısının məsələ ilə bağlı aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə diqqət edək: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır

Prezident İlham Əliyev, həmçinin vurğuladı ki, Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.

Əlbəttə, bu layihənin icrası Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Prezident İlham Əliyev də BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında dedi ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır: "Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm".

Türk dünyası, eləcə də Asiya və Avropa arasında əlaqələr daha sürətli və asan olacaq

Beləliklə, əminliklə söyləmək olar ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sistemini dirçəldəcək. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bilirsiniz ki, nqliyyat sektorunun inkişafı həm də ölkə iqtisadiyyatının və müvafiq nəqliyyat infrastrukturunun inkişafına xidmət edir. Zəngəzur dəhlizi isə təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin açılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.

Məlumdur ki, hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu