Makron Fransa klublarının Superliqadan imtinasını alqışladı
Fransa prezidenti Emmanuel Makron ölkənin futbol klublarının Avropa Super Liqasında iştirak etməməsinə münasibət bildirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Makron ölkə klublarının qərarını dəstəklədiyini bildirib.
"Ölkə prezidenti Superliqa layihəsində iştirakdan imtina edən Fransa klublarının mövqeyini alqışlayır. Bu layihə vəhdət prinsiplərinə təhlükə yaradır. Fransa hakimiyyəti yerli federasiyanın, liqanın UEFA və FIFA-nın milli və ya Avropa miqyaslı yarışların bütövlüyünün müdafiəsi naminə bütün addımlarını dəstəkləyəcək", - deyə ölkə başçısının açıqlamasında vurğulanıb.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.