Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
Hakimiyyət nümayəndəsinin adından istifadə edən şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bununla əlaqədar olaraq, Baş İdarə tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilən şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunub.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanıb, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.