Ukrayna-Rusiya müharibəsi başlasa… - Region çalxalanır


ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi Ukraynanın şərqində hərbi əməliyyatların başlanacağına dair proqnozları artırıb. Bayden administrasiyasının Rusiyanı hədəfə alması Donbasda münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.


Azərbaycanın öz ərazilərini müharibə yolu ilə işğaldan azad etməsindən sonra, yəni ötən ilin sonlarından rəsmi Kiyevin də mövqeyində aktivləşmə müşahidə olunurdu. Qarabağda gedən 44 günlük Vətən müharibəsi Donbas münaqişəsi üçün də presedentə çevrildi. Artıq Ukrayna hakimiyyəti də Donetsk və Luqanskdakı separatçı rejimlərə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu gizlətmir. Ukrayna rəsmiləri ölkəni hərbi hazırlıq səviyyəsinə görə buna hazır hesab edir. Ancaq Prezident Zelenskinin “atəş” əmrini verməsi əlverişli geosiyasi şəraitin yetişməsindən asılıdır. Cozef Baydenin ABŞ Prezidenti seçilməsi bu prosesin sürətlənməsində ciddi rol oynadı. Ukrayna məsələsi hələ Barak Obamanın hakimiyyəti dövründə Co Bayden vitse-prezident olduğu dönəmdən onun xarici siyasət kursunda mühüm yer tutur. Ağ Evin rəhbəri seçildikdən sonra Baydenin Avropa ilə münasibətləri yaxınlaşdırmaq və NATO-nu gücləndirmək siyasəti Ukraynaya təsirsiz ötüşməyəcək. Çünki Baydenin Transatlantik inteqrasiyaya üstünlük verməsi Şərqi Avropanın təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Bu baxımdan, ABŞ-ın Şərqi Avropada hərbi və geosiyasi fəallığının artması Ukrayna cəbhəsində Rusiya ilə qarşıdurmanı yenidən körükləyə bilər.

Eyni zamanda, yaxın gələcəkdə ABŞ-ın xarici siyasətində Rusiyaya dair “İkinci Reyqan planı”nın həyata keçirilməsi nəzərdə tutulur. Donald Trampın prezidentliyi dövründə icrasına başlanan həmin strategiya postsovet ölkələrinin Rusiyanın təsir dairəsindən çıxarılmasından ibarətdir. Baydenin Ağ Evin rəhbəri postuna gəlişi ilə “İkinci Reyqan planı”nın ikinci və daha kəskin mərhələsinin reallaşdırılmasına başlanılıb. Bu prosesə Ukrayna ərazilərinin işğaldan azad edilməsi və NATO-nun fəaliyyət planına uyğun olaraq bu ölkənin alyansa inteqrasiyasını təmin etmək daxildir. Eyni zamanda, Gürcüstanın 2021-ci ildə NATO üzvlüyünə qəbul ediləcəyi gözlənilir. ABŞ Gürcüstanın Poti limanında özünün donanmasını, Vazianidə isə hərbi hava bazasını yerləşdirməyi planlaşdırır. Ukrayna şimaldan ən azı Donbası azad edib Rusiya ilə sərhədin böyük hissəsinə nəzarəti ələ ala bilsə, ABŞ Qara dəniz hövzəsində geosiyasi üstünlüyünü təmin etmək imkanı qazanmış olar. Çünki Qara dənizin sahilyanı ölkələrindən ABŞ-ın hərbi müttəfiqi və NATO üzvü olmayan yeganə dövlət Rusiya olacaq. Vaşinqton Qara dəniz regionunda Rusiyanın hərbi iştirakını məhdudlaşdırmaqla NATO-nun cənub-şərq cinahını gücləndirməyə çalışır. Bu, həmçinin ABŞ və NATO-ya Krımı cənubdan mühasirəyə almaq, Rusiyanın Sevastopol limanındakı donanmasına qarşı alternativ güc mərkəzi yaratmaq imkanı verir. ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kentin son açıqlaması da hərbi əməliyyatlar başlayacağı təqdirdə, Vaşinqtonun Ukraynaya dəstək verəcəyinə dair mesaj kimi qəbul oluna bilər. “Amerika Birləşmiş Ştatları Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərini yaxından izləyir və bu sahədə böyük diplomatik fəaliyyət göstərməyə hazırlaşır”- Corc Kent “Amerikanın səsi”nə açıqlamasında belə deyib. O, ABŞ-ın Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi, xüsusilə təmas xəttindəki fəallaşmadan, köhnə hava limanı yaxınlığındakı yeni səngərlər, buraxılış məntəqələrinin və humanitar girişin bağlanmasına dair xəbərlərdən narahat olduğunu bildirib. “Biz diqqətlə izləyirik və əlbəttə ki, lazım olduqda siqnal göndərməyi planlaşdırırıq. Düşünürəm ki, əsas gözləntilərimiz Rusiya ilə bağlıdır. Prezident Putin və Rusiya Putinin altı il əvvəl, 2015-ci ilin fevralında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Atəş tamamilə dayandırılmalı, rus qoşunları Ukraynadan çıxarılmalı və Ukraynanın sərhədləri üzərində nəzarəti bərpa edilməlidir. Yeddi il keçməsinə baxmayaraq, Rusiya öhdəliklərini yerinə yetirməyib”-deyə Kent bəyan edib. Əldə olunan məlumatlar aprel ayından başlayaraq həm ABŞ-Rusiya münasibətlərində, həm də Ukrayna cəbhəsində gərginliyin artacağını deməyə əsas verir. Hətta Ukrayna daxili işlər nazirinin müavini Valeri Patseluyko bu yaxınlarda yerli mətbuata açıqlamasından rəsmi Kiyevin hərbi əməliyyatlara başlamaq üçün qışın çıxmasını yerin qurumasını gözlədiyini demişdi. Eyni zamanda, Rusiyada müxalifət lideri Aleksey Navalnının səhhətinin pisləşməsinə etiraz olaraq aprel ayında 500 min nəfərilik mitinqin keçirilməsinə hazırlıq gedir. Bayden administrasiyası Putinin istefası şüarı ilə keçiriləcək aksiyaya sosial şəbəkələr üzərindən təbliğati dəstək verdiyini gizlətmir. Yəni yaz aylarında havaların isinməsi ilə yanaşı, ABŞ-Rusiya münasibətlərində qarşıdurmanın artması Donbasda müharibəyə səbəb ola bilər. Onu da qeyd edək ki, 2014-cü ildən fərqli olaraq, Ukrayna özünü müharibəyə daha çox hazır hiss edir. Son altı il ərzində ABŞ-ın Ukraynaya NATO-nun hərbi arsenalında olan letal (öldürücü) silahlar, “Javelin” raketləri verməsi, orta mənzilli “Neptun” raketlərini əldə etməsi Ukraynanın hərbi qüdrətini xeyli artırıb. Bundan başqa, ABŞ Senatı Ukraynaya müharibə şəraitində NATO-dakı müttəfiqləri ilə eyni səviyyədə hərbi yardım göstərmək haqqında qanun qəbul edib. Ona görə də bir sıra ekspertlər 2014-cü ildən fərqli olaraq, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə qoşulacağını inandırıcı hesab etmir. Ukrayna hakimiyyəti hərbi əməliyyatlara başlamaq üçün hüquqi baza da formalaşdırıb. Əməliyyatlar 2019-cu ildə qəbul olunmuş Ali Rada və prezident tərəfindən qəbul edilmiş Donbasın azad edilməsi strategiyasının həyata keçirilməsinə əsaslana bilər. Həmin sənəd rus qoşunlarının Donbasdan çıxarılmasını və ərazilərin Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilməsini nəzərdə tutur. Döyüşlər başlayacağı təqdirdə, Ukraynanın Minsk sazişindən çıxacağı da istisna olunmur. Prezident Zelenskinin bir müddət öncə, “Mən olsam bu sazişdən çıxardım”-deməsi göstərir ki, növbəti eskalasiyanın baş verməsi ilə Minsk sazişi qüvvədən düşə bilər. Münaqişə bölgəsindən verilən xəbərlərə görə, Ukrayna hökuməti Donbas ətrafında 90 min qoşun, 6 mindən artıq zirehli texnika cəmləyib. Lakin müşahidəçiləırin fikrincə, Ukraynanın separatçılar üzərində hərbi üstünlüyü təmin edəcək ən mühüm vasitə Türkiyədən aldığı uçan pilotsuz aparatlardır. Ukrayna Türkiyənin istehsalı olan və Qarabağ müharibəsində istifadə edilmiş “Bayraktar TB 2” zərbə PUA-larına və digər yeni nəsil dronlara maraq göstərir. Belə texnologiya isə Donbasdakı separatçılara dəstək verən Rusiyada yoxdur. 2020-ci ildə Kiyev Ankaradan 6 ədəd “Bayraktar TB2”, üç nəzarət stansiyası və 200 “MAM-L” tipli raket alıb. Alqı-satqı əməliyyatı 2019-cu ildə Ukrayna və Türkiyə arasında əldə edilmiş 69 milyon dollarlıq anlaşma çərçivəsində həyata keçirilib. Ukrayna Türkiyə ilə həmçinin, 48 ədəd “Bayraktar akınçı” zərbə PUA-sı almaq barədə razılaşma əldə edib. Mütəxəssislərin hesablamalarına görə, bu silahlar Donbasdakı separatçılara məxsus 400-ə yaxın hərbi texnikanı tamamilə məhv etməyə qadirdir. Hazırda Ukrayna Türkiyənin istehsal etdiyi yeni nəsil “Bayraktar TB 3” zərbə PUA-lartının alınması ilə bağlı danışıqlar aparır. Ukrayna Hərbi Hava Qüvvələri yüksək rütbəli türk zabitləri tərəfindən yeni nəsil PUA-lara uyğunlaşdırılır. Bu isə Ukraynanın Donbasda Azərbaycanın 44 günlük müharibə zamanı həyata keçirdiyi təcrübəni tətbiq edəcəyinə dair məlumatların ortaya çıxmasına səbəb olub. Eskalasiyanın baş verəcəyi halda, türk PUA-larının separatçıları məğlub edəcəyi qaçılmazdır. Analitikləri düşündürən sual isə müharibə başlayarsa, Rusiyanın buna reaksiyasının necə olacağı ilə bağlıdır. Təbii ki, son zamanlar siyasi reytinqi xeyli aşağı düşmüş prezident Putin öz nüfuzunu artırmaq və diqqəti Rusiya daxilindəki problemlərdən yayındırmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara qoşula bilər. Əks halda, Donbasın itirilməsi Rusiyanın ABŞ və NATO qarşısında yaratdığı bufer zonadan məhrum olması deməkdir. Belə münaqişə bölgələri Kremlə düşməni Rusiya sərhədlərindən kənarda qarşılamaq üçün lazımdır. Eyni zamanda, Putin müharibədən istifadə edib Donbasdan əlavə Xerson, Xarkov, Dnepr, Mariupolu işğal etməklə “Novorossiya” adlı separatçı qurum yaratmaq planını həyata keçirmək, Krıma elektrik enerjisinin və və suyun verilməsində rəsmi Kiyevin tətbiq etdiyi maneələri aradan qaldırmağa çalışa bilər.
Ukraynanın müxtəlif bölgələrində aparılan sorğunun nəticələrinə görə, respondentlərin demək olar ki, 45 faizi Rusiyanın Donbasdakı müharibəni davam etdirməkdə maraqlı olduğuna inanır. 58,4 faiz isə Rusiyanın işğal olunmuş bölgələrin Ukraynaya qaytarılmasını istəmədiyinə əmin olduğunu deyib. Ancaq getdikcə ağırlaşan Rusiya iqtisadiyyatı daha sərt sanksiyalara məruz qala bilər. Baydenin hakimiyyətə gəlməsindən sonra Rusiyada qiymətlərin artması və dolların rubla nisbətən möhkəmlənməsi davam edir. Hesablamalara görə, 2021-ci ildə Rusiyada yoxsul əhalinin sayı 1 milyon nəfər artacaq. Ən böyük təhlükə isə Bayden administrasiyasının Rusiyanı SWIFT beynəlxalq ödəniş sistemindən çıxartması ola bilər. Son dövrlər Moskva ilə münasibətləri yumşalmış Avropa ölkələrinin bu sanksiyalara qatılması isə Rusiyanın daha ağır vəziyyətə düşməsi deməkdir. Əlbəttə, Rusiyanın Ukraynaya cavab zərbəsi enirməsi gözləniləndir. Lakin birmənalı şəkildə Rusiyanın Ukraynaya yenidən təcavüz edəcəyi və geniş müharibə elan edəcəyi real səslənmir. Hadisələrin inkişafı göstərir ki, ABŞ Ukraynaya Ukraynanın Donetsk və Luqansk üzərində suverenliyini bərpa etməsi üçün hərbi və siyasi dəstəyini artıracaq. Nəticədə, Rusiya-Ukrayna sərhəddinin nəzarətsiz qalmış 400 kilometrlik hissəsi bağlana bilər. Hətta həmin sərhddə beynəlxalq sühməramlılar yerləşdirilsə belə, bu, Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı baxımından mühüm amildir. Ancaq müharibənin olub-olmaması ABŞ-Rusiya arasındakı geosiyasi münasibətlərin vəziyyətindən asılı olacaq. ABŞ kütləvi etiraz aksiyaları və sanksiyalarla Putin hakimiyyətinin başını daxildən qatmaqla xaricdən Donbasın azad edilməsinə nail olmağı hədəfləmiş kimi görünür. Bu prosesin baş tutmasında əsas əngəlləyici faktorlardan biri Bayden adminsitrasiyasının prezident Zelenskiyə heç də loyal yanaşmamasıdır.
ABŞ-da Ukrayna prezidentinin islahatlarından kifayət qədər məmnun deyillər. Ağ Evdə hesab edilir ki, Ukrayna elitasında, o cümlədən orduda Rusiyaya bağlı “5-ci kalon”un mövqeyi hələ çox güclüdür. Prezident Zelenski isə Donbasdan öncə, siyasi iradə göstərib Ukraynanı “5-ci kalondan” azad etməlidir.

M.Vahidıi AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu