Sevgilisi Pərvini maşında boğaraq öldürüb - Rəsmi açıqlama
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyi Gəncədə bir ay öncə itkin düşən Pərvin Musayevanın qətlə yetirilməsi ilə bağlı birgə açıqlama yayıb.
AFN-in xəbərinə görə, məlumatda qeyd edilir ki, 19 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə məlumat daxil olub.
Araşdırma nəticəsində itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Zərərçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.