“Dünyada bir çoxları Ərdoğanın tarixi rolundan xəbərdardırlar” - İlham Əliyev
"Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır".
Bu sözləri Prezident İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.
Dövlət başçısı fikirlərinə belə davam edib: "Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.
Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir".