XƏBƏRDARLIQ: Sabah paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Xocalı soyqırımı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sabah paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.



Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sabah səhər saat 08:00-dan etibarən Xətai rayonu Xocalı prospekti “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək yürüş tədbirinin təhlükəsiz təşkil edilməsi məqsədilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq:

“Eləcə də paralel olaraq paytaxtın Xocalı prospekti ilə kəsişən və bu prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Buna görə də nəqliyyat vasitələrinin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Belə ki, sabah “Ana fəryadı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdirilir. Sadalanan istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ən son ziyarətçi çıxana qədər davam edəcək.

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Ötən illərdən fərqli olaraq insanların hazırda ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini nəzərə almaları, sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməklə beş nəfərdən ibarət qrup şəklində ziyarət etmələri xahiş olunur.

İzdihamın yaranmaması üçün insanlar Nəcəfqulu Rəfiyev küçəsindən başlayaraq “Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra “Şah İsmayıl Xətai” metrostansiyasının qarşısı ilə Natiq Əliyev küçəsinin kəsişməsi istiqamətində hərəkəti davam etdirmələri tövsiyə olunur”.

“Ziyarətçilərdən şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur”, - deyə V.Əsədov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu