Maskaya görə yerində cərimə və bölməyə aparılma xəbərlərinə - RƏSMİ CAVAB
Son günlər sosial şəbəkələrdə yazılır ki, polis karantin qaydalarının pozulmasına görə vətəndaşları cərimə etdikdən sonra cəriməni yerində ödəməyə məcbur edir.
AFN xəbər verir ki, bəzi vətəndaşların yazdıqlarına görə, tibbi maskadan düzgün istifadə etmədikləri üçün saxlanılıb və polis bölməsinə aparılıblar.
Bunun nə dərəcədə qanuni olmasına aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavabında bildirib ki, səslənən fikirlər əsassızdır.
“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər.
İnzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir. Əgər hansısa şəxsin tərtib olunan protokolla bağlı narazılığı varsa, şikayət etmək hüququ var.
Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir.
İnzibati Xətalar Məcəlləsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır”, - deyə Elşad Hacıyev bildirib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası barədə yazılıb:
150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.