Azərbaycanda əməkhaqqı artıb - RƏSMİ
Bu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 % artaraq 1 691,8 min nəfər olub, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
AFN bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,5 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 1,7 %-i maliyyə və sığorta fəaliyyəti, 13 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Ötən ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,4 % artaraq 707,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.