Sumqayıtda 71 yaşlı kişi baltalanıb
Fevralın 1-də saat 23 radələrində 1950-ci il təvəllüdlü Qurban Səfərova çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan AFN-ə verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1959-cu il təvəllüdlü Əli Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baltanın küt hissəsi ilə baş nahiyyəsinə zərbələr endirməklə Qurban Səfərovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Əli Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.