Ağ Evin mətbuat katibinin adı açıqlandı
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden yeni administrasiyasında Cen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir.
Bu barədə bazar günü demokratın rəsmi saytında yayımlanan məlumatda deyilir.
C.Psaki 44-cü ABŞ prezidenti Barak Obamanın administrasiyasında Ağ Evin və Dövlət Departamentinin rəsmi nümayəndəsi olub. O, indi Baydenin keçid komandasının məsləhətçisidir. C.Psaki həmçinin Rusiya və Ukrayna ilə bağlı səs-küylü fikirləri ilə tanınır.
C.Bayden eyni zamanda Keyt Bedinqfildi Ağ Evin kommunikasiya direktoru təyin etmək niyyətindədir. K.Bedinqfild demokratın seçki kampaniyasının menecerinin müavini vəzifəsini icra edirdi və eyni zamanda onun qərargahında kommunikasiya direktoru idi. Ağ Evin kommunikasiya direktoru ABŞ administrasiyasının bütün ictimai informasiya-təşviqat siyasətinə nəzarət edir.
Karin Jan-Pyer Ağ Evin mətbuat katibinin birinci müavini olacaq. ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harrisin rəsmi nümayəndələri isə Simona Sanders və Eşli Etyen olacaq. Əvvəllər Sanders və Jan-Pyer Baydenin seçki kampaniyasında baş məsləhətçi vəzifələrində çalışıblar. ABŞ-ın birinci xanımı Cill Baydenin mətbuatla əlaqələrinə Elizabet Aleksander cavabdeh olacaq. (Report)