"Kimisi özünü bıçaqlayır, kimisi yandırır" - Vaqif Əsədov özünü bıçaqlayan sürücüdən danışdı - YENİLƏNİB
“Etdikləri əməl onları məsuliyyətdən xilas etmir”.
Bunu paytaxtın Sabunçu rayonunda sürücünün özünü bıçaqlaması barədə Lent.az -a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, hər kəs qanunun tələblərinə tabe olmalıdır:
“Bəzi sürücülər polisin ona güzəştə gedəcəyini düşünərək bu kimi addımlar atırlar. Kimisi özünü bıçaqlayır, kimisi özünü yandırır və s. Ancaq birmənalı olaraq bilməlidir ki, etdikləri əməl onları məsuliyyətdən xilas etmir. Hər kəs qanunun tələblərinə tabe olmalı və qaydalara riayət etməlidir”.
***
Bakıda polisin “saxla” əmrinə tabe olmayan minik avtomobili sürücüsü özünü bıçaqlayıb.
APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İdarə etdiyi avtomobilə həbs qoyulan 30 yaşlı Abdullayev Qormaz Şahmar oğluna yol polisi əməkdaşları "saxla" əmri verib.
Sürücü verilən əmrə tabe olmayaraq sürətlə ərazidən uzaqlaşıb. Sabunçu rayon ərazisində saxlanılan sürücü bu dəfə bıçaqla özünə bir neçə yerdən xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.