Baş Nazirdən yumşalma anonsu
“Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər”.
Bunu avqustun 6-da Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Baş Nazir Əli Əsədov deyib.
Baş Nazir bildirib ki, növbəti yumşalma proseslərinə də hazırlıq gedir: “Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək”.