Rusiya rəhbərliyi lazım olan addımları atıb, ancaq... - Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hadisələr barədə Rusiyanın Lenta.ru saytının suallarını cavablandırıb.
Jurnalistin silahlı toqquşmaların Dağlıq Qarabağ bölgəsində deyil, Tovuz rayonunda başlaması ilə bağlı sualını cavablandıran Hikmət Hacıyev qeyd edib ki, əvvəla, gerçək faktlara baxmaq lazımdır:
“İlk olaraq qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətində təxribat törədərək, atəşkəs rejimini kobud şəkildə pozublar. Qarşı tərəf artilleriyadan istifadə etdi. Bütün bu hadisələr məsuliyyətinin məhz Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir”.
Azərbaycan rəsmisi bildirib ki, bu cür hərbi avantüra ilə Ermənistan münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır:
“Amma Yerevanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır.
COVID-19 infeksiyasının Ermənistanda geniş yayılması da ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsidir. Sərhəddəki gərginlik cəmiyyətin fikrini ölkənin daxili problemlərindən yayındırmağa xidmət edir. Azərbaycan sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi 12 iyul, bazar günü, Ermənistan ordusunun zirehli texnikasının və canlı qüvvələrin yerdəyişmə həyata keçirdiyini müşahidə edib:
“Biz bunu hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik”.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır:
“Qazax və Tovuz bölgələri boyunca sərhəddə Azərbaycanın Dövlət Sərhəd Xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir”.
Rusiyalı jurnalistin “Bu vəziyyət böyük silahlı qarşıdurmaya çevrilə bilərmi?” sualını cavablandıran H.Hacıyev söyləyib:
“Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdiyi müddətdən bəri 30 ildir ki, davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır.
Bu, Birinci və İkinci Dünya müharibələrinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi - Ermənistan tərəfindən soruşmalıyıq, çünki məhz onlar Azərbaycan torpaqlarını işğal ediblər”.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri münaqişənin həllində Rusiyanın roluna toxunub:
“Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, Ermənistanın işğalyönlü və təxribatçı addımları məsələnin sülh yolu ilə həllinə imkan vermir.
Bütün beynəlxalq ictimaiyyəti Ermənistandan hesabat tələb etməyə çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir”.