Kürdəmirdəki qətllə bağlı cinayət işi başlanıldı
Kürdəmir rayonunun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə, mayın 12-də saat 20 radələrində Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Cəbrayıl Malkovun rayonun Atakişili kəndi ərazisində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1990-cı il təvəllüdlü əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Rahim İslamov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.