ABŞ fond birjaları yenidən üzüaşağı gedir: Ərzaq istehsalçılarının səhmləri isə bahalaşır
Martın 16-da ABŞ fond birjalarında yenidən kəskin dəyərsizləşmə qeydə alınıb. 12 faizə çatan eniş nəticəsində birjalar işini iki dəfə dayandırmağa məcbur olub: Birinci dəfə birjalar yeni açılanda S&P500 indeksi 7 faiz düşdükdə, ikinci dəfə isə enmə 13 faizə çatanda.
AFN xarici mətbuata istinadən xəbər verir ki, S&P500 indeksinin hesablanma sisteminə daxil olan 500 şirkətin 491-nin səhmləri dəyərsizləşib. Bu zaman 3 şirkətin kapitallaşması gün ərzində 30 faizdən çox azalıb. İndeksə daxil olan ərzaq məhsulları istehsalçılarının - Conagra Brands-ın səhmləri 9,8 faiz, J.M. Smucker & Co-nun səhmləri isə 4,7 faiz bahalaşıb.
Uoll-sritin “Qorxu indeksi” adlandırılan CBOE Volatility (VIX) indeksi tarixi maksimuma – 43 faizə qədər yüksəlib. Hətta 2008-ci ilin maliyyə böhranında belə bu indeksdə belə kəskin artım qeydə alınmamışdı.
Ağ Ev martın 16-da ölkə vətəndaşlarına insanların sız toplaşdığı yerlərə – restoran, bar və digər obyektlərə getməməyi, bütün səfərləri təxirə salmağı və mümkün olan qədər evdən işləməyi tövsiyə edib. Yerli hakimiyyətlərə virusun yayıldığı rayonlarda məktəbləri və əhalinin sıx toplaşdığı digər yerləri yaxın 15 gün ərzində bağlamaq tapşırılıb.