“Klon” namizəd Rauf Abbasovun yaşadığı Qusardan reportaj - (Foto, videolar)



Qonşuları işsiz R.Abbasovun deputatlığa namizəd olmasına gülür, istehza edir və...



Hər kəsdən, seçicilərindən belə gizlədilən Rauf Çərkəz oğlu Abbasovun izləri Bakıdakı tikinti şirkətində itir

Hər seçkidə belədir, favorit olan namizədin “klon”ları ortalığa çıxarılır. Yəni favoritlə ad, soyadı üst-üstə düşən şəxsləri namizəd olaraq qeydiyyatdan keçirirlər.


Bu çirkli seçki texnologiyasından əsasən qədimlərdə istifadə edilsə də, hələ də bu üsula baş vuranlar, bu çirkabın ümidinə qalanlar var. Ümidləri var ki, üst-başlarına bulaşdırmaqla da olsa, nəyəsə nail olacaqlar.

35 saylı Xətai III seçki dairəsində tanınmış baş redaktor, “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arif oğlu Abbasova qarşı yol verilən seçki təxribatı da bu qəbildəndir.

Dairədə 3 Abbasov, iki Rauf var. Əməkdar jurnalist Rauf Arif oğlu Abbasovla adı, soyadı uyğun olan Rauf Abbasovun atasının adı fərqlidir – “klon” Rauf Çərkəz oğludur.


Baş redaktor Rauf Arif oğlu Abbasovu ölkədə tanımayan az adam tapılar. Rauf Çərkəz oğlunu isə nəinki ölkədə, heç namizədliyi irəli sürülən dairədə belə tanıyan yoxdur. Bu adam kimdir, onun namizədliyi kimə lazımdır? Platforması nədən ibarətdir? Xətai III seçki dairəsinə adamın nə cür aidiyyatı var?

Bu suallara cavab axtarıb tapmaq üçün araşdırmalara başladıq.

Ən azı Xətai III seçki dairəsində yaşayan 41 min seçicinin bunu bilmək haqqı var!



Öyrəndik ki, Rauf Çərkəz oğlu Abbasov Bakıdan 175 kilometr aralıda yerləşən Qusar rayonunda yaşayır. Onun 2 qardaşı, 2 bacısı var. Bacıları və qardaşlarından biri Cahangir Abbasov Bakıda yaşayırlar. Cahangir Abbasov hündürmərtəbəli binalarda elektrik işləyir, özündən balaca qardaşı Araz isə Qusarda plastik qapı-pəncərə sexində ustadır.

Rauf Çərkəz oğluna gəlincə isə onun illərin xəstəsi olduğu, Qusarda belə onu çox az adamın tanıdığını öyrənib heyrətlənirik!

Bəs necə olub ki, yaşadığı rayon bir tərəfə, məhləsində belə az qala tanınmayan şəxs birdən-birə evindən 175 kilometr aralıda yerləşən, Bakının hansısa bir rayonunda namizdəlik irəli sürmək sevdasına düşüb? Özü də adı, soyadı ilə eynilik təşkil edən namizədin olduğu dairəyə baş vurması da maraqlı suallardandır. Qusarlı Çərkəz kişinin oğlu Raufun “klon” namizəd kimi adının hallanmasına münasibəti necədir?

Qusara çatar-çatmaz öyrənirik ki, 52 yaşlı, boşanmış, heç bir partiyanın üzvü olmayan, hərbi xidmətə yarasız, xəstəliyinə görə dövlətdən müavinət alan, qardaşlarının hesabına gün keçirən Rauf Çərkəz oğlunun adından danışanlar sırasında Qoşqar Bəylərov da var. Bu ad, soyad Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının bacısı oğlunun ad, soyadı ilə üst-üstə düşür...



Kimin-kimə vəkillik eləməsini bir kənara qoyub Qusarda, Abbasovların yaşadığı həyətin qapısını arayırıq. Öyrənirik ki, darvazaya 2 gün əvvəl iri bir qara qıfıl asıblar, ev sahibləri də naməlum istiqamətə gediblər. Bu da qonşuların gözündən qaçmayıb. İllərdir ki, Rauf Abbasov bu evdə yaşayır, demək olar ki, heç vaxt qapıya qıfıl asmır. Qara rəngə boyanmış darvazanın hər iki tərəfindəki hasar o qədər də hündür deyil deyə həyətdəki evləri də aydın görmək olur. Dam örtüyü o qədər köhnədir ki, üzərində mamırdan yaşıl “xalça” var, canını tapşırmaqda olan pəncərələrlə plastikdən hazırlanan yeni pəncərələr diqqət çəkir. Bura Qusar rayonu, Məlikov küçəsi 7 ünvandır. Rauf Çərkəz oğlu qardaşı Arazla birgə bu həyətdəki evdə yaşayırlar. Qonşuların sözlərindən aydın olur ki, Abbasovlar 2 gündür ki, evə gəlib getmirlər. Buralarda qonşunun evdə olub-olmamasını həm də tüstü bacasından bilirlər - Abbasovların evində iki gündür ki, soba yanmır deyə, tüstü də çıxmır. Gecələr də evdə işıqlar da yanmır. Hə, həyətdə diqqəti çəkən bir də ipdən asılan, sahibini gözləyən bir cüt qara corabdır, hansıları ki, şaxta vurub taxtaya döndərib.



Məlikov küçəsi 5 ünvanında yaşayan Məlik adlı sakin bizi dinləyib çiyinlərini çəkir, qonşusu Rauf Çərkəz oğlunun deputatlığa namizəd olduğunu eşidib təəccübünü gizlətmir:

- Rauf Abbasov? Deputatlığaaaa verib...

- Hə, Rauf Abbasov, deputatlığa namizəddir.

- Yox a, onu bilmirəm, ancaq burdan “doxtur Yelena” namizədliyini verib, onu bilirəm. 2 gündür ki, mən Raufu görmürəm.

- Qonşu kimi necə adamdır?

- Sakit adamdır da...



Söhbətə digər qonşu müdaxilə edir:

- Üfürsən yerə yıxılar.

Qonşusu Məlik sual verir:

- Mənim başım çıxmadı, o kimnən, nə təhər verib? Başım çıxmadı, özü də Bakıda verib? Onun bacısı Xırdalanda qalır. Xətaidə heç kimi də yoxdur.

Digər qonşu da söhbətə qoşulur:

- Rauf bütün günü evdə olur, ən uzaq getdiyi yer qardaşı Arazın iş yerdir. Ona yemək aparır. Yox eee, o deputatlığa namizəd verməz. Rauf içmir, çəkmir, hara gedəcək ki?

“Qusar belə yerdir ki, burada içməsən olmaz” replikamıza söhbətə qoşulan digər qonşu Elçin Nazirov cavab verir, “xəstədir də” deyir, əli ilə qarın nahiyyəsini işarə verib “onda 40 il qabaq içəridə “vzrıv” olub, “vnutrenni” damarında, ona görə içmir”.

Deyir ki, qonşuları Çərkəz kişinin oğlu Rauf illər əvvəl ailəsi ilə də ayrılıb. 1 qız övladı olub, o da ərə gedib. Özü də heç nə ilə məşğul deyil, onu qardaşı Araz Abbasov dolandırır, özü də xəstəliyə görə müavinət alır. Araz Abbasova gəlincə, o da qapı-pəncərə ustasıdır.

Elçin Nazirov da, qonşulardan Məlik kişi də, onun oğlu da həmyerliləri Rauf Abbasovun Bakıda deputatlığa namizədliyini irəli sürdüyünü eşidib bunun bir zarafat olduğunu zənn edirlər. Sonradan digər qonşular da bu xəbəri bizdən eşidəcək “ola bilməz”, “nu tı şutnik” “Rauf eee, kolxozçu Çərkəzin oğlu, deputatlığa namizəddir, hahaahaaa” şəkilində reaksiyalarını gizlətmirlər. Hər kəs bunun bir zarafat olduğunu düşünür.
Şamil Ağayev də deyir ki, Raufun namizədliyini irəli sürmək üçün ən azı Bakıya getməsi lazımdır.



“Raufun qardaşı Cahangiri desəydin, yenə inanan olardı. Rauf xəstədir a kişi, vur-tut 45-50 kilo çəkisi olar, olmaz. Danışdırsan danışır, belədə heç səsini də eşidən olmayıb. Ondan deputat olar? Bu nəsə oyundur. Uşaqlar kimsə sizinlə zarafat edib” – Şamil Ağayev belə deyir.

Onun sözlərinə görə Cahangir Abbasov Raufun böyük qardaşıdır, onun texniki təhsili var. Bakıda tikinti şirkətində işləyir, hündürmətrəbəli evlərə “tok”çəkir. Cahangir Bakıda yaşayır. Rauf və ondan balaca qardaşı Araz isə Qusarda, ata evində yaşayırlar.

“Araz yeyib-içən adamdır, Rauf isə xəstə olduğuna görə içmir də. İldə 1 dəfə Bakıya, bacılarının evinə aparsalar gedər, aparmasalar da qalır evdə. 3 qardaşdırlar, bircə Rauf evlənmişdi, yoldaşı Marneulidən idi, bir də xəbər çıxdı ki, uşağı da qoyub, gedib. İllərlə axtardılar, arvadı tapmadılar. O qız uşağı da bir zülümlə böyüdü, ərə verdilər. Raufda deputatlıq “viddə” yoxdur eee... Özün onu görsən, bilərsən ki, bu bir oyundur. Kimsə ona ümid eləyir, veriblər qabağa” – Şamil Ağayev deyir.

Bayaqdan söhbətimizə qulaq asan, Raufun sinif yoldaşı olmuş daha bir Qusar sakini də üzündə təəccüb bizə sual ünvalayır: “Kimdən danışırsız? Nazilə, Şəhrinin, Cahangirlə Arazın qardaşı Rauf deputatlığa namizəddir? Ola bilməz! Raufu hava külək olanda, bax bu körpü var eee, onun üstündən keçməyə tək qoymurlar ki, onu külək vurub salar Qusarçaya. Adamın 45-50 kilo çəkisi olar ya olmaz. Sizə səhv məlumat veriblər, bu Rauf namizəd ola bilməz!”



Abbasovların darvazaları ilə üz-üzə olan darvazanın da zəngini sıxıb gözləyirik. Bönövşə xanım da digər qonşular kimi Rauf Çərkəz oğlunun Bakıda, Xətai III seçki dairəsindən deputatlığa namizəd olduğuna inanmır. Deyir ki, Rauf bütün gününü evdə keçirən biridir: “Can, kim? Bəlkə o deyil? Yox bala, heç elə şey ola bilməz! Can bala, ola bilməz!”

Müşahidələrimizdən aydın olur ki, məzlum, öz evinin həndəvərində görünməyən, məhləsinə asfalt döşənəndə belə küçəyə çıxıb görülən işlərlə maraqlanmayan birini – Rauf Çərkəz oğlu Abbasovun “klon” namizəd kimi kimlərinsə maraqları çərçivəsində ortaya çıxarıblar. İndi də namizədliyini irəli sürdükləri dairədəki seçicilərdən belə gizlədirlər. Belə xəbərlər də var ki, onu Bakıda, qardaşı Cahangir Abbasovun işlədiyi tikinti şirkətinin ofisində saxlayırlar. Ən azı fevralın 9-na kimi Rauf Çərkəz oğlunu Qusara buraxmayacaqlar...










“Yeni Müsavat”ın reportyor qrupu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu