Dövlət Komitəsində qanvermə aksiyası keçirilib - FOTOLAR
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” şüarı altında könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək etməkdir.
Aksiya Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilib. Könüllü donor kimi Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər qan veriblər.
Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq. Aksiyada iştirak edənlər ön cəbhədə xidmət edən hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Dövlət Komitəsi bugündən etibarən “Əsgərə salam” aksiyasına da start verib. Fevral ayının 2-nə - Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər.
Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə ilk dəfə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası ötən il yanvar ayının 19-da keçirilib.