Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında qanvermə aksiyası keçirilib
“Azərsun Holdinq”in Mərkəzi Qan Bankı ilə birgə “Qan ver – yaşat” şüarı altında başlatdığı qanvermə aksiya davam edir. Növbəti xeyriyyə aksiyası şirkətlər qrupuna məxsus Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında keçirilib.
Belə ki, talassemiyalı və hemofiliyalı xəstə uşaqlara dəstək olmaq məqsədi ilə başladılan qanvermə aksiyasına sözügedən müəssisənin rəhbərliyi, eyni zamanda istehsalat əməkdaşları könüllü olaraq qoşulublar. Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının (AKKİK) əməkdaşları əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Qeyd edək ki, “Azərsun Holdinq” şirkətlər qrupunun hər il ənənəvi olaraq təşkil etdiyi qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirməsinin səbəbi Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədardır.
Xatırladaq ki, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 14 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.