Bakının bir neçə rayonunda oğurluq edən şəxslər saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi şəhərin müxtəlif rayonlarında oğurluq və quldurluq edən şəxslərin saxlanılması barədə məlumat yayıb.
AFN-in BŞBPİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 7500 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılıb.
***
Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
***
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, açar və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynzadə saxlanılmışdır.
***
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olmuşdur.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılmışdır.
***
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır.