2019-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb - İİTKM




Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb. Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2 milyon və İtaliyaya 34,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.



2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

2019-cu ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 136 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon ABŞ dolları), Türkiyəyə (25,4 milyon ABŞ dolları), İsveçrəyə (13,9 milyon ABŞ dolları), Gürcüstana (12,5 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”nın oktyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Baku Steel Company", "Caspian enerji-2020" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4 faiz artıb. 2019-cu ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.

Bu ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 sentyabr tarixinə kimi (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda göstərilib ki, bu ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar- oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Həmçinin “İxrac İcmalı”nın oktyabr sayında “Kreativ Azərbaycan: Yaradıcı məhsulların Azexport.az portalı vasitəsi ilə ixrac imkanları” mövzusunda tədbirin təşkil olunması, Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumunda ilk dəfə Dövlət və Özəl Tərəfdaşlığı müqaviləsi Asan İmza vasitəsi ilə onlayn imzalanması, Azərbaycan məhsullarının “Anuga 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunması və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu