Xəzərdə partlayış: SOCAR-ın əməkdaşı həlak oldu
Bu gün saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.
AFN-in SOCAR-a istinadən verdiyi məlumata görə, nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.