Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib




Oktyabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib.



DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda giriş sözü ilə çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, hazırda din-cəmiyyət münasibətinə, eləcə də fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə, XXI əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır. Bu əsrin çağırışları və təhdidləri əvvəlki dövrdən fərqlənir. XXI əsr texnologiya əsridir, bu əsr yeniliklər yaratmaqla bərabər özü ilə problemlər və təhdidlər də gətirir. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə çatır. Dünyada baş verən artım müəyyən problemləri ortaya çıxarır. Bu amil təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yəni, yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır. Qlobal miqyaslı bu problemlər və dəyişikliklər insanların dini inancına da təsir edir. Xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində dəyişikliklər baş verib. Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi getməsi müşahidə edilirdisə, indi bu, özünü göstərmir.

Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə özünü göstərir. Konstitusiyada vicdan azadlığı təmin edilib, dinlər arasında heç bir fərq qoyulmur. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır ki, dünyəviliyin özü də dövlət idarəetməsinə təsir göstərir.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstəriblər. Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr verib. Başqa dinlərə münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq bizim milli əxlaqi dəyərlərimizin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşamış və indi də bu ənənə uğurla davam etdirilir.

Deputatın sözlərinə görə, tarixə nəzər saldıqda görmək olar ki, din Azərbaycanda heç bir zaman milliləşməyib. Ərəb ölkələrində İslam milli simvola çevrilib. Bu da insanların geyimlərində və adət-ənənələrində özünü göstərir. Ölkəmizdə isə dinin milli simvola çevrilməməsi tolerantlıq prinsipini gücləndirib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov çıxış edərək dövlətin və dinin qarşılıqlı münasibətlərinin əsaslarının ölkəmizin Konstitusiyası ilə müəyyən edildiyini bildirib. O, İslam dininin prinsiplərinə diqqət çəkərək deyib ki, İslamda demokratik və hüquqi dövlət quruculuğunun prinsiplərində olduğu kimi məcburiyyət yoxdur. Digər səmavi dinlərin nümayəndələrinə qarşı hörmətlə yanaşmaq, dövlətçiliyə sədaqət, cəmiyyətdə sülhün və əmin-amanlığın bərqərar olması İslamın da əsas qaydalarından biridir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilən bütün tədbirlərdə dövlətçilik prinsiplərinə ciddi əməl olunduğunu vurğulayan S.Həsənov dini strukturların heç bir halda dövlətin siyasətinə qarışmadığını qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında dinin sırf inancla bağlı bir məsələ olduğunu və bunun da fərdi xarakter daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni masa arxasında əyləşirlər və daim dialoqa açıqdırlar.

Konfrans işini dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, eləcə də dinin cəmiyyət həyatında, onun mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələrlə yekunlaşdırıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu