ASCO “TransRussia-2019” sərgisində Azərbaycana məxsus milli pavilyonda təmsil olunur
Rusiyanın paytaxtı Moskvada “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisi keçirilir. Aprelin 15-dən-17-dək davam edəcək sərgidə ilk dəfə olaraq Azərbaycanın nəqliyyat-logistika potensialını əsk etdirən milli pavilyon da fəaliyyət göstərir.
AFN-in məlumatına görə, ümumilikdə 120 kv.m sahədə qurulan pavilyonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin stendləri yerləşir.
Bundan başqa, “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisində ASCO-nun törəmə şirkəti “ACSC Logistics” MMC də öz xüsusi stendi ilə təmsil olunur.
Sərgidə ölkəmizi təmsil edən qurumların stendləri xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Azərbaycan nümayəndələri ziyarətçilərə ölkəmizin tranzit potensialı, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri və marşrutları, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları barədə ətraflı məlumat veriblər.
Ölkəmizin milli pavilyonu xarici KİV nümayəndələrinin də diqqət mərkəzində olub. Təmsilçilərimiz jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Bildirilib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.
Qeyd edək ki, sərgiyə 27 ölkədən ümumilikdə 395-dən çox şirkət qatılıb. Onlar müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi və daşınması üzrə xidmətlərini təqdim edirlər. Sərginin ilk günündə ziyarətçilərin sayı 16 min nəfərdən çox olub.
Sərgi çərçivəsində Azərbaycan təmsilçiləri dünyanın müxtəlif ölkələrindən olan şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçiriblər. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.
Ötən gün isə burada təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə Qala gecə keçirilib. Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib olub.