Türkiyə XİN Xocalı qətliamını qınadı
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Türkiyə XİN bu qətliamı və Ermənistanın Azərbaycan torpaqlarında davam edən işğalını şiddətlə qınayır.
Nazirliyin saytında yerləşdirilən yazılı açıqlamada 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində Ermənistan ordu birlikləri tərəfindən təşkil edilən hücumda yüzlərlə Azərbaycan vətəndaşının öldürüldüyü, yaralandığı və əsir alındığı qeyd edilib.
Dinc xalqa yönəlmiş bu hücum və Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bir milyondan çox azərbaycanlının yurdlarından didərgin salındığı və öz vətənlərində qaçqın həyatı yaşamağa məhkum edildiyi bildirilib.
“Bu qətliamı və Ermənistanın Azərbaycan torpaqlarında davam edən işğalını şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 27 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın kədərini qəlbimizdə hiss edirik. Bu faciədə həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk”, - bəyanatda qeyd olunub.