2018-ci il ərzində 193 Çağrı Mərkəzi tərəfindən 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb




Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan 193 Çağrı Mərkəzinin fəaliyyəti əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin operativ cavablandırılmasına, hüquqi yardımın göstərilməsinə, xidmət keyfiyyətinin artırılmasına yönəlib. Ötən il ərzində Çağrı Mərkəzində ümumilikdə 13 minə yaxın müraciət cavablandırılıb. Daxil olan müraciətlərdən 11 minə yaxını sorğulardan ibarətdir. Sorğu tipli müraciətlərin mövzuları əsasən, dövlət əmlaklarının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciət üzrə ətraflı məlumatlandırılması üçün sorğular dərhal cavablandırılıb, mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və hüquqi məsləhətlər verilib.



Müvafiq il ərzində Çağrı Mərkəzinə 2 minə yaxın araşdırma tələb edən müraciət daxil olub. Bu tip müraciətlərə əsasən, ərizə və məktubların icrası, torpaq sahələrinin plan və ölçüləri, torpaqların təyinatı, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər aiddir. Araşdırma tələb edən müraciətlər həll edilməsi üçün komitənin müvafiq qurumlarına göndərilib və bu barədə vətəndaşa məlumat verilib. Ərazi statistikasına baxdıqda, Çağrı Mərkəzinə daxil olan müraciətlərdən 10 minə yaxını paytaxtdan, 3 minə yaxını isə regionlardan ünvanlanıb.

Vətəndaşların çox gözləmədən müraciət etməsi, sorğuların isə daha tez cavablandırılması üçün Çağrı Mərkəzi müasir texnika və avadanlıqlarla təmin olunub. Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu