ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fondun yaradılmasını nəzərdə tutur
ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşması çərçivəsində 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılması nəzərdə tutulur. Artıq bu məbləğin yarısından çoxu investorların öhdəlikləri ilə təmin edilib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, fond tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün iqtisadi stimul rolu oynamalıdır. Bildirilir ki, bu maliyyə mexanizmində dövlət maliyyələşməsindən və ya qrantlardan istifadə olunmayacaq, vəsaitlər tamamilə özəl sektor tərəfindən təmin ediləcək. İnvestorlar qismində ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrika şirkətləri çıxış edir.
Agentliyin mənbəsi qeyd edir ki, fond yalnız yekun saziş imzalandıqdan sonra fəaliyyətə başlayacaq. Qarşılıqlı anlaşma memorandumunun imzalanması növbəti 60 gün üçün prosesin strukturunu müəyyən edəcək və bu müddət ərzində fondun inzibatçıları layihələrin planlaşdırılması üzərində İran tərəfi və investorlarla birlikdə işləyəcəklər. İlkin qiymətləndirmələrə görə, investisiyalar əsasən energetika, logistika, istehsalat və nəqliyyat sahələrinə yönəldiləcək.
Məlumata görə, rəsmi Tehran ilkin olaraq Vaşinqtondan hərbi zərərə görə kompensasiya olaraq 400 milyard dollar tələb etsə də, rədd cavabı alıb. Nəticədə elə bir mexanizm barədə razılıq əldə olunub ki, region ölkələri kredit xətləri və ya birbaşa maliyyələşdirmə vasitəsilə İranın infrastrukturunun bərpasında iştirak edə biləcəklər.
ABŞ-ın Vitse-prezidenti Cey Di Vens (JD Vance) Tehranın sazişin şərtlərinə əməl edəcəyi təqdirdə, Fars körfəzi dövlətləri tərəfindən dəstəklənən bu fonda çıxış əldə etməsi planının mövcudluğunu təsdiqləyib. Şərtlərə isə nüvə proqramının ləğv edilməsi, zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə məhv edilməsi və ciddi təftiş rejiminə razılıq verilməsi daxildir.
Nəşr vurğulayır ki, bu investisiya fondu tamamilə müstəqil maliyyə strukturudur və sanksiyaların ləğvi, eləcə də İranın dondurulmuş suveren aktivlərinin sərbəst buraxılması ilə bağlı aparılan paralel danışıqlar treki ilə əlaqəli deyil. Qeyd edək ki, dünyada ikinci ən böyük təbii qaz və dördüncü ən böyük neft ehtiyatlarına malik olan İran, tətbiq edilən sanksiyalar səbəbindən onilliklər ərzində demək olar ki, birbaşa xarici investisiyalardan məhrum qalıb.
